“Naxçıvan Könüllülərinin Birlik Həftəsi”nə start verilib

5 Dekabr – Beynəlxalq Könüllülər Günü Naxçıvanda hər il olduğu kimi bu dəfə də geniş şəkildə qeyd olunur. Heydər Əliyev Muzeyində “Könüllünü inkişafa aparan yol” adlı tədbirlə “Naxçıvan Könüllülərinin Birlik Həftəsi”nə start verilib. Tədbir çərçivəsində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, könüllük hərəkatı və gələcək perspektivləri barədə danışılıb, iştirakçılar muzeyin ekspozisiya zalı ilə tanış olublar.

İştirakçılar öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq unudulmaz şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev gəncləri əlamətdar gün münasibətilə təbrik edib, mövzu ilə bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda könüllü hərəkatı geniş vüsət alıb, bu sahədə böyük nailiyyətlər əldə olunub.  Könüllü fəaliyyətin hüquqi bazası yaradılıb, müxtəlif dövlət və özəl qurumlarda gənclərin könüllülük fəaliyyətinə cəlbinə dəstək göstərilib. Vurğulanıb ki, Naxçıvanda fəaliyyət göstərən könüllülərin və könüllülərlə işləyən təşkilatların sayı artmaqdadır və bu da gənclərimizin gələcək həyatı, karyerası üçün yeni imkanların, təcrübələrin qazanılması deməkdir. Əvvəllər könüllü kimi fəaliyyət göstərən gənclərin böyük əksəriyyəti hazırda müxtəlif peşə sahibləri kimi iş həyatını uğurla davam etdirir. Bundan əlavə, könüllülərin şəxsi inkişafı, onlara yeni karyera imkanlarının yaradılması istiqamətində işlər görülür, ölkəmizdəki könüllülər hərəkatına qoşulmasına dəstək göstərilir. Natiqlər Türkiyədəki zəlzələ bölgəsinə səfər edən Azərbaycan könüllülərindən ibarət heyətdə Naxçıvan gənclərinin səmərəli iştirakını xatırladaraq, onların fəaliyyətini yüksək qiymətləndiriblər. 

Gənclərdən Zəhra İsmayılova könüllü kimi öz fəaliyyətii və onlara göstərilən dəstəkdən danışıb, minnətdarlığını ifadə edib.

Qeyd edək ki, “Naxçıvan Könüllülərinin Birlik Həftəsi” çərçivəsində bu gün voleybol turniri də təşkil olunub. Layihə çərçivəsində müxtəlif konseptdə tədbirlərlərin keçirilməsi nəzərdə tutulur.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti